Şimali Koreya sərhəd mühafizəçiləri Rusiyanın “Şimal-şərqi balıqçılıq şirkəti” MMC-yə məxsus “Syanxaylin-8” gəmisini saxlayıb.
ONA xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə cəmiyyətin direktor müavini Sergey Sedler bildirib.
Bildirilir ki, insident hələ iyulun 17-də baş verib. Gəmi KXDR-in ərazisindən 55 dəniz mili uzaqlıqda saxlanılıb. Sedlerin sözlərinə görə, gəmiyə doluşan sərhədçilər bütün əlaqə vasitələrini söndürüblər, daha sonra gəmi Vonsan limanına aparılıb.
O vaxtdan bəri gəmi heyəti ilə əlaqə saxlamaq mümkün olmayıb, Rusiyanın Pxenyanda olan səfiri isə ancaq dünən gəmiyə baş çəkə bilib. Buna baxmayaraq, dənizçilərə gəmidən çıxmağa icazə verilmir. Yalnız gəmi kapitanı, onun köməkçisi və iki cənubi koreyalı mütəxəssis nəzarət altında otelə yerləşdirilib.
Gəminin hansı səbəbdən saxlanılması və nə zaman buraxılacağı məlum deyil.