• DÜNYA

    12:41 31 mart 2019

Şimali Koreya İspaniyadan səfirliyə hücumu araşdırmağı tələb edib

Şimali Koreya İspaniyadan Madriddəki səfirliyinə hücumu beynəlxalq hüquqa uyğun araşdırmağı tələb edib.

ONA-nın məlumatına görə, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin mətbuat katibi Koreya Mərkəzi Teleqraf Agentliyinə açıqlamasında bildirib.

Bəyanatda qeyd edilib ki, “fevralın 22-də terror aktı baş verib, silahlı şəxslər Şimali Koreyanın səfirliyinə hücum çəkib, səfirlik əməkdaşlarını döyüb, işgəncə verib”. Şimali Koreya XİN ümid edir ki, İspaniya hakimiyyəti araşdırma apararaq “beynəlxalq hüquqa uyğun həmin terrorçuları və hücumun təşkilatçılarını cəzalandıracaq”. Şimali Koreya XİN-nin bəyanatında bildirilir ki, hadisə ilə bağlı müxtəlif versiyalar yayılır: “Bu versiyalar arasında ABŞ Federal Təhqiqatlar Bürosunun bu terror aktında iştirak etməsi də var”.

Xatırladaq ki, bu il fevralın 22-də 10-a qədər şəxs Şimali Koreyanın İspaniyadakı səfirliyinə hücum çəkib, səfirlikdə diplomatların əllərini bağlayıb, bir neçə saat onları belə vəziyyətdə saxlayıb. Daha sonra səfirliyi tərk edən şəxslər oradan kompüterləri, diskləri, fləş-kartları və mobil telefonları aparıblar. “Çxollimanın Mülki Müdafiəsi” qruplaşması səfirliyə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

O da diqqət çəkir ki, Malayziyada öldürülən Şimali Koreya liderinin qardaşı Kim Çen Namın oğlunun video-müraciəti də 2017-ci ilin martında məhz bu qruplaşmanın saytında yerləşdirilib. Kim Xan Solem sığınacaq xahişi ilə qruplaşmaya müraciət edib. Kim Çen Namın həyat yoldaşı, oğlu və qızının sığınacaq aldığı məkan açıqlanmır. Yalnız ailəyə sığınacaq verilməsinə Hollandiya, ABŞ, Çin və adı çəkilməyən bir ölkənin kömək etdiyi bildirilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR