• DÜNYA

    12:16 21 aprel 2019

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Şimali Makedoniya Respublikasında prezident seçkiləri keçirilir.

ONA-nın məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi fəaliyyətə başlayıb, səsvermə saat 19:00-da başa çatacaq.

Seçkiləri 3100 yerli və 420 beynəlxalq müşahidəçi izləyir.

Prezident postu uğrunda 3 universitet professoru mübarizə aparır. Hakim partiyanın prezidentliyə namizədi Stevo Pendarovski, “Milli Müxalifət”in prezidentliyə namizədi Gordana Silyanovska Davkova, iki etnik alban partiyasının namizədi isə Blerim Rekadır.

Sosioloji sorğulara əsasən, seçicilərin 27 faizi Stevo Pendarovskiyə, 23 faizi Gordana Silyanovska Davkovaya, 11 faizi Blerim Rekaya səs verəcək. Əgər birinci turda namizədlərin heç biri 50 faizdən artıq səs toplaya bilməsə, mayın 5-də prezident seçkilərinin ikinci turu olacaq. Seçkilərin baş tutması üçün seçici fəallığının 40 faizdən az olmaması lazımdır. İlkin nəticələr səsvermə bitdikdən sonra, yekun nəticələr isə aprelin 22-də açıqlanacaq.

Bu, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra keçirilən 6-cı prezident seçkisidir.

Xatırladaq ki, bu il fevralın 12-dən etibarən Makedoniya rəsmi olaraq Şimali Makedoniya Respublikası adlandırılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR