• DÜNYA

    03:41 17 avqust 2020

Somalidə terrorçuların otelə hücumu nəticəsində ölənlərin sayı 10-u keçib - YENİLƏNİB-1

Somalinin paytaxtı Moqadişuda yerləşən “Elite Hotel”in binasında silahlı qruplaşma üzvləri tərəfindən törədilən silahlı hücum nəticəsində ölənlərin sayı 10 nəfəri keçib.

APA xəbər verir ki, bu barədə “Somali Guardian” nəşri yerli təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

“Al Jazeera” telekanalının məlumatına görə isə, insident zamanı 17 nəfər öldürülüb. Ölənlər arasında iki hökumət işçisi, üç nəfər otelin təhlükəsizlik əməkdaşı, dörd mülki şəxs də var.

Məlumata görə, insident zamanı 30-dan çox insan yaralanıb. Somalinin İnformasiya Nazirliyinin nümayəndəsi İsmael Muxtar Ömər otel binasına hücum edən dörd terrorçuların hamısının xüsusi təyinatlı qüvvələri tərəfindən məhv edildiyini bildirib.

“Somali xüsusi təyinatlı qüvvələri Moqadişudakı “Elite Otel”in binasında dörd saatlıq əməliyyat keçirib və silahlıları son nəfərinə qədər məhv edib”, - deyə nazirlik nümayəndəsi “Twitter” səhifəsində yazıb. O, həmçinin girov götürülmüş 205 nəfərin xilas olunduğunu da əlavə edib.

***

Saat 22:58

Somalinin paytaxtı Moqadişu sahilində yerləşən “Elite Otel” binasına silahlı şəxslərin hücumu nəticəsində azı 5 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Somali təhlükəsizlik xidmətlərinə istinadən “France Press” agentliyi məlumat yayıb. Eyni zamanda, Somalinin “Gubjug News” portalı 28 yaralının olduğunu bildirib.

“Xəsarət alanların sayı arta bilər, çünki yaralılar gəlməkə davam edir”, - paytaxt xəstəxanalarından birinin həkimi qeyd edib.

Portal Somalinin İnformasiya Nazirliyinin yüksək vəzifəli bir əməkdaşının terror hücumu nəticəsində öldüyü barədə də məlumat verib.

Qeyd edək ki, terror hücumu otel yaxınlığında partlayıcı qurğu quraşdırılmış avtomaşının partlaması ilə başlayıb. Bunun ardınca silahlı şəxslər otelə giriblər və bir neçə qonağı girov götürərək beşinci mərtəbədə mövqe qurublar. Daha sonra otelə gələn Somali ordusunun elit bölmələrinin əsgərləri ilə terrorçular aralarında güclü atışma olub.

Rəsmi qurumların məlumatına görə, silahlı hücum “Əş-Şabab” terror qruplaşması tərəfindən həyata keçirilib.

***

Saat 21:31

Somalinin paytaxtı Moqadişuda otellərin birində güclü partlayış olub, bundan sonra bir qrup silahlı binaya daxil olaraq oradakı girov götürüblər.

APA xəbər verir ki, bu barədə Somalinin “Gubjug News” xəbər portalı məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Somali ordusunun elit bölmələri ilə otelə girən silahlılar arasında güclü atışma olub. Hərbçilər otelin bir neçə qonağını girov götürüblər. Məlumata görə, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri otelin beşinci mərtəbəsində özlərinə mövqe qurublar. İlkin məlumatlara görə, ölənlər olub, onların arasında məmur olduğu da deyilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR