• DÜNYA

    09:54 11 aprel 2019

Hərbçilər Sudanda prezidenti devirib - YENİLƏNİB

Sudan prezidenti Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib.

ONA-nın xəbərinə görə, bu barədə "al-Arabiya" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Sudan ordusu Prezident Sarayını, dövlət televiziyası və radiosunu nəzarətə götürüb. Prezidentin mühafizəçisi həbs olunub, əl-Bəşir özü isə ev dustağı edilib.

Sudana bir il ərzində Hərbi Şuranın rəhbərlik edəcəyi gözlənilir.

"al-Hadath" telekanalı xəbər verir ki, minlərlə insan küçələrə çıxaraq əl-Bəşir hakimiyyətinə son qoyulmasını bayram edir.

***

09.40

Sudanda hərbi çevrilişin baş verdiyi haqqında məlumatlar yayılıb.

ONA-nın xəbərinə görə, Livanın “al-Mayadeen” telekanalı mənbəyə istinadən bildirib ki, Sudan ordusu fövqəladə iclas keçirərək, prezident Ömər əl-Bəşiri bütün vəzifələrindən devirmək və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib.

Telekanalın yaydığı məlumata görə, ordu ölkəni keçid dövründə idarə edəcək hərbi şuranın yaradılmasını elan edəcək. Sudanın “Sudan Tribune” qəzeti isə yazıb ki, paytaxt Xartumda prezidentin iştirakı olmadan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin fövqəladə iclası keçirilib.

Məlumatlarda zirehli texnikanın Prezident Sarayının qarşısına yığılması, Sudanın telekanal və radiostansiyalarının normal yayımı dayandırmaları və hərbi marş səsləndirmələri qeyd olunur.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR