• DÜNYA

    16:24 3 mart 2020

Sumqayıt hadisələrindən yazan jurnalistin təhlükəsizliyi ilə bağlı Rusiya Baş prokuroruna müraciət edilib

Moskvadakı Azərbaycan İcmasının sədri Şamil Tağıyev “Nezavisimiya qazeta”nın əməkdaşı Lev Əsgərovun təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Baş prokuroru İqor Krasnova müraciət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, müraciətdə deyilir ki, 1988-ci ilin Sumqayıt hadisələrinin ildönümü ərəfəsində L. Əsgərovun Rusiyanın “Nezavisimaya qazeta” nəşrində “Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub. SSRİ və Azərbaycan Dövlət Təhlükəsizlik Komitələrinin arxiv materialları əsasında” adlı məqaləsi yayımlanıb.

Müraciətdə bildirilib ki, yalnız arxiv sənədlərinə və şahid ifadələrinə əsaslanan yazıda qeyd olunur ki, Sumqayıt hadisələri erməni millətçiləri və sovet xüsusi xidmət orqanlarındakı erməni lobbisi tərəfindən əvvəlcədən hazırlanmış irimiqyaslı təxribatın nəticəsi idi.

Qeyd olunub ki, 32 ildə ilk dəfə olaraq Rusiya mətbuatında Sumqayıt hadisələrinin gerçək səbəbləri açıq və əsaslı şəkildə göstərilib, azərbaycanlılara və Sumqayıt şəhərinin erməni əhalisinə qarşı olan bu qeyri-insani təxribatın icraçılarının adları çəkilib.

Müraciətdə Sumqayıt hadisələrini araşdıran SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Vladimir İvanoviç Kaliniçenkonun “Sumqayıt hadisələri haqqında ilk mənbədən” adlı kitabına da diqqət çəkilib.

Rusiya Baş prokurorundan jurnalistin təhlükəsizliyinin nəzarətə götürülməsi, Rusiyada erməni diaspor və diplomatik korpusunun nümayəndələri tərəfindən L. Əsgərova qarşı təxribatların qarşısının alınması xahiş edilib.

Xatırladaq ki, 1988-ci ilin Sumqayıt hadisələrinin ildönümü ərəfəsində “Nezavisimaya qazeta”da jurnalist L. Əsgərovun SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materialları əsasında “Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub” adlı məqaləsi dərc olunub. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək jurnalist L. Əsgərovun cəzalandırılmasını tələb edib. Buna səbəb L.Əsgərovun Rusiyanın məşhur "Nezavisimaya qazeta" nəşrində dərc edilən və 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edən yazısı olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR