Suriyadakı vəziyyətlə bağlı 12-ci beynəlxalq yüksək səviyyəli görüş aprelin 25-26-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.
ONA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə İran, Rusiya və Türkiyə nümayəndə heyətləri, Suriyadakı hökumət nümayəndələri və müxalif qruplar iştirak edəcək. Həmçinin danışıqlara BMT və İordaniya müşahidəçi qismində qatılacaq.
Bildirilir ki, aprelin 25-də Astana prosesi ölkələrinin ikitərəfli və üçtərəfli müşavirələri, həmçinin müşahidəçi ölkələrin nümayəndələri ilə görüşlər keçiriləcək, aprelin 26-da isə plenar iclas baş tutacaq.
Danışıqlar çərçivəsində həmçinin girovların azad edilməsi, meyitlərinin qaytarılması və itkin düşmüş şəxslərin axtarışı üzrə işçi qrupunun 8-ci iclası keçiriləcək. İclasa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Qızıl Xaş Komitəsinin nümayəndələri dəvət ediləcək.
Suriya üzrə sonuncu yüksək səviyyəli görüş 2018-ci il noyabrın 28-29-da keçirilib.