• DÜNYA

    05:53 4 yanvar 2021

Suriyada terrorçuların avtobuslara hücumu nəticəsində 9 nəfər öldürülüb - YENİLƏNİB

Suriyanın Həma əyalətindəki Salamiyyə-Atraya magistral yolunda üç avtobusa edilən terror hücumu nəticəsində azı doqquz nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Syria” telekanalına qubernator Tarek Kreyşati bildirib.

“Suriya ordusunun əsgərləri artıq magistral yol üzərində nəzarəti bərpa ediblər və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub”, - qubernator belə deyib.

Kreyşatinin sözlərinə görə, silahlı basqında ölənlərin sayı 9 nəfərdir. Hadisə yerinə yeddi təcili tibbi yardım maşını cəlb olunub, yaralılar Həma və Salamiyyə xəstəxanalarına çatdırılıb.

“Al-Watan” qəzetinin hərbi mənbəyə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı mülki şəxslərdir. Hücumun ərazidə fəaliyyət göstərən və İŞİD-in bir qolu olan ekstremist qruplaşma tərəfindən törədildiyi ehtimal olunur. Hazırda suriyalı əsgərlər silahlıların axtarışını aparır. Atraya bölgəsində əsgərlər və terrorçular arasında şiddətli toqquşmaların olduğu da bildirilir.

***

Saat 02:46

Suriyanın Həma əyalətinin Salamiya şəhəri yaxınlığında terrorçular sərnişin avtobusuna hücum edərək 6 nəfəri öldürüblər.

APA xəbər verir ki, bu barədə Suriyanın “Al-Watan” qəzeti məlumat yayıb.

“Salamia-Rakka magistralında avtobusa edilən terror hücumu nəticəsində altı nəfər öldürülüb”, - deyə qəzet hərbi mənbəyə istinadən xəbər verib.

Mənbənin verdiyi məlumata görə, terror aktı Vadi Uzeyb qəsəbəsi yaxınlığında baş verib: “Orada olan Suriya hərbçiləri ilə terrorçular arasında atışma olub, nəticədə marşrut bağlanıb”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR