Tacikistanın ucqar rayonlarının birində ətraf aləmdən təcrid olunmuş təxminən 100 insanın xilas edilməsi üzrə əməliyyat işləri aparılır.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar və mülki müdafiə komitəsi məlumat yayıb.
“İsti və quru hava dağlarda qarın əriməsinə və çaylarda sululuğun artmasına səbəb olub. Rəşt rayonunun Boki Rahimzoda camaatlığı kəndinin yaxınlığında Qorif çayında suyun səviyyəsinin artmasına görə Sogd vilayətinin Dağlıq Matça kəndini Pakşiv kəndi ilə birləşdirən körpü dağılıb. Nəticədə Pakşiv kəndinin 100 nəfərlik əhalisi və 15 min baş mal-qarası çıxılmaz vəziyyətdə qalıb”, - məlumatda belə deyilir.
Komitənin məlumatına görə, qəza-xilasetmə tədbirləri ilə əlaqədar cəld reaksiya qüvvələri oraya göndərilib: “Hazırda körpünün bərpası işləri aparılır”.