Tbilisidə radikal millətçi “Gürcü Marşı” qrupunun və din xadimlərinin “Amirani” kinoteatrının qarşısında keçirdiyi etiraz aksiyasında 11 nəfər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, kinoteatr qarşısında fiziki qarşıdurma yaranıb və nəticədə polis qanun pozuntusuna yol verən 11 nəfəri saxlayıb. Qarşıdurmada bir nəfərin isə yaralandığı bildirilib.
Hazırda polis gərginliyin azaldılması istiqamətində işləri davam etdirir. ABŞ-ın Gürcüstandakı səfirliyi isə öz vətəndaşlarını etiraz aksiyalarının keçirildiyi əraziyə yaxın getməməyə çağırıb. Gürcüstan Patriarxlığı isə filmin mövzusunun gürcü milli kimliyi ilə üst-üstə düşmədiyini bildirib və nümayişə etiraz edib.
Qeyd edək ki, etiraz aksiyasının səbəbi kinoteatrda gürcü rejissor Levan Akinin cinsi azlıqlardan bəhs edən “And Then We Danced” (“Sonra biz rəqs etdik”) adlı filminin nümayiş etdirilməsidir. Filmin noyabrın 10-dək Tbilisi və Batumidə fəaliyyət göstərən kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.