Tbilisidə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib. APA-nın yerli bürosu xəbər verir ki, aksiyada həm parlament, həm də parlamentdən kənar müxalifətin nümayəndələri iştirak edirlər.
Etirazçılar hökumətə üç əsas tələb irəli sürüblər. Bunlar müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı MSK-nın tərkibinin dəyişdirilməsidir.
Aksiyanın təşkilatçılarından olan "Utanc" hərəkatının lideri Giga Makaraşvili bildirib ki, sabahkı mitinqə hazırlıq aparılır və etirazçılar tələbləri yerinə yetirilməyənədək dağılmayacaqlar.
Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin geniş etirazına səbəb olub. Sabah saat 15:00-da isə Tbilisidə müxalifətin geniş miqyaslı mitinqi planlaşdırılıb.