Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”in tarixinin uzadılması təklifini irəli sürüb.
ONA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazirin rəsmi ofisindən verilən bəyanatda deyilib.
Bəyanatda Tereza Mey Aİ-dən “Brexit”in müddətinin uzadılmasını tələb edəcəyini deyib. O, 22 Mayda Avropa Parlamenti seçkilərində iştirak etməmək üçün uzadılma tarixinin mümkün qədər qısa olmasını istədiyini bildirib. Tereza Mey bildirib ki, Britaniya Aİ-dən hər hansı bir razılaşma olmadan ayrılsa da, bu, uzun müddətdə Britaniyanın xeyrinə olacaq.
“Ancaq razılaşma ilə ayrılmaq ən yaxşı çıxış yoludur. Çətin bir zamandır və həlledici anlardır. Milli maraqları təmin etmək üçün milli birlik tələb olunur”,-deyə T.Meyin bəyanatında deyilir.
Bəyanatdan sonra Avropa Şurasının prezidenti Donald Tusk özünün “Twitter” səhifəsində açıqlama yayıb.
“Son nəticənin nə olacağını bilmirik, gəlin səbirli olaq”,- deyə D.Tusk bildirib.
Tereza Mey, həmçinin Böyük Britaniya və Aİ arasındakı gələcək əlaqələri müzakirə etmək üçün Leyboristlər partiyasının lideri Ceremi Korbin ilə görüşmək istədiyini də əlavə edib.
Qeyd edək ki, hazırda Britaniyanın Aİ-dən 12 aprel tarixində ayrılmağı nəzərdə tutulub. Bu zaman müddətində Aİ-yə hər hansı bir təklif irəli sürülməzsə, Britaniya heç bir razılaşma olmadan Aİ-dən çıxmaq məcburiyyətində qalacaq.