Böyük Britaniyanın baş naziri Tereza Mey istefası barədə bəyanatını emosional notlarla bitirib.
ONA-nın məlumatına görə, çıxışının sonunda o, göz yaşlarını saxlaya bilməyib.
“Mən tezliklə şərəflə tutduğum vəzifədən gedirəm. İkinci qadın baş nazir oldum, amma əminəm ki, sonuncu deyil. Çox sevdiyim ölkəmə xidmət etmək imkanım olduğu üçün sonsuz təşəkkür edirəm”, - deyən xanım Mey fikirlərini ağlayaraq tamamlayıb.
Qeyd edək ki, bu gün Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının sədrliyindən gedəcəyini açıqlayıb. Bu o deməkdir ki, T. Mey həm də baş nazir postunu tərk etməlidir. Bununla belə, o, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq. Yeni liderin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq, proses altı həftəyədək çəkə bilər.