ABŞ prezidenti Donald Tramp ABŞ-ın Səudiyyə Ərəbistanındakı obyektlərə hücum təşkil etməkdə şübhəli bildikləri İranla müharibə istəmədiyini söyləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, jurnalistlərin Səudiyyə neft emalı zavodlarına edilən hücumların arxasında İranın olub-olmaması ilə bağlı sualı cavablandırarkən Tramp belə cavab verib: "Görünür".
Prezident bu məsələnin hazırda araşdırıldığını bildirib.
Dövlət başçısı Birləşmiş Ştatların "digər ölkələrə nisbətən (hərbi) qarşıdurmaya daha yaxşı hazırlandığını" və ABŞ-ın "daha yaxşı silah sistemlərinə" sahib olduğunu qeyd edib: "Bütün bunları nəzərə alaraq, mütləq bu qarşıdurmanın qarşısını almaq istərdik".
Qeyd edək ki, şənbə günü gecə Səudiyyə Ərəbistanındakı iki neft emalı zavoduna pilotsuz təyyarələrdən (PUA) hücum edilib. Nəticədə dünyanın ən böyük neft ixracatçısı və üç ən böyük neft istehsalçılarından biri olan ölkənin hasilatını yarıdan çox (gündəlik 9,8 milyon səviyyəsindən 5.7 milyon barel) azaltdığı bildirilir.