“ABŞ-ın Suriyada sonu olmayan mənasız müharibədən çəkilməsinin vaxtı çatıb”.
APA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.
O, Prezident seçildiyi vaxt İŞİD-in regionda güclü olduğunu bildirib: “ABŞ-ın 30 gün müddətində Suriyada qalacağı ehtimal edilirdi. Lakin bunun üzərindən illər ötüb. Biz Suriyada qaldıq və qarşımızda heç bir məqsəd olmadan döyüşün dərinliklərinə getdik. Mən Prezident seçiləndə İŞİD regionda azğınlıq edirdi. Biz tezliklə İŞİD-i 100 faiz məğlub etdik. Əksəriyyəti Avropadan olan minlərlə İŞİD döyüşçüsünü ələ keçirdik, lakin Avropa onları geri almaq istəmədi. Bizə dedilər ki, onları ABŞ-da saxlayaq. Mənsə dedim ki, xeyr, biz sizin üçün böyük bir yaxşılıq etmişik, indi siz bizim onları böyük vəsait hesabına ABŞ həbsxanalarında saxlamağımızı istəyirsiniz?! Onlar məhkəmə qarşısına çıxarılması üçün sizindir. Lakin onlar yenə də buna “yox” dedilər. Düşündülər ki, hər zaman olduğu kimi ABŞ-dan istifadə edə bilərlər”.
D. Tramp qeyd edib ki, kürdlər ABŞ qüvvələri ilə birlikdə vuruşublar, lakin bunun üçün onlara külli miqdarda vəsait ödənilib və onlar silah-sursatla təchiz olunublar: “Kürdlər onillərdir Türkiyə ilə vuruşurlar. Mən 3 il bu vuruşmada qaldım, lakin artıq əksəriyyəti qəbilə döyüşləri xarakterini daşıyan bu cəfəng, mənasız müharibədən çıxmağın və əsgərlərimizi evə qaytarmağın vaxtı çatıb. Bizə xeyir gətirən müharibələrdə yalnız qalib gəlmək üçün savaşacağıq. İndi Avropa, Türkiyə, Suriya, İran, İraq, Rusiya və kürdlər özləri vəziyyəti başa düşməli, qonşuluqlarında ələ keçirilən İŞİD döyüşçüləri ilə nə etməli olduqları barədə qərar verməlidirlər. Onların hamısı İŞİD-ə nifrət edirlər, illərdir düşməndirlər. Biz isə 700 mil aralıdayıq. Əgər İŞİD yenidən bizə yaxın gələrsə, biz onlarla vuruşacağıq".