ABŞ prezidenti Donald Tramp Amerika hərbi bazalarının yerləşdirildiyi müttəfiq ölkələrin buna görə ödənişləri 5 dəfə artırmasını istəyir.
ONA-nın məlumatına görə, D. Trampın bu təşəbbüsü barədə “The Washington Post” qəzeti məlumat yayıb.
D. Tramp köməkçiləri ilə müzakirələrdə müttəfiq ölkələrin ərazilərində yerləşən ABŞ hərbi bazalarının tam xərci və əlavə olaraq həmin xərcin yarısı qədər ödəniş etməli olduğunu bildirib. Bu isə müttəfiq ölkələrin ABŞ hərbi bazalarına görə ödənişlərinin 5 dəfə artması deməkdir. Bu informasiya ərazilərində minlərlə amerikalı hərbçinin olduğu Almaniya, Yaponiya və Cənubi Koreyanı təəccübləndirib.
Qeyd edək ki, D. Tramp 2018-ci ilin iyununda NATO ölkələrinin 2017-ci ildə Alyans üçün 40 milyard dollar ayırdığını, ancaq bunun az olduğunu bildirib. ABŞ prezidenti bu qənaətdədir ki, ABŞ-la müqayisədə Avropa ölkələri NATO-nun mövcudluğundan daha çox faydalanır, ancaq təhlükəsizliklərinə daha az pul xərcləyirlər. D. Tramp NATO üzvlərinin müdafiə xərclərini büdcələrinin 2 faizi səviyyəsinə çatdırmasını istəyir. 28 NATO ölkəsindən yalnız 5-nin – ABŞ, Böyük Britaniya, Almaniya, Polşa və Estoniyanın müdafiə xərcləri bu səviyyədədir.