ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə münasibətlərinin yüksək səviyyyədə olduğunu bəyan edib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp üçüncü ABŞ-Şimali Koreya sammitinin faydalı olacağını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri amerikalı həmkarı D. Trampla münasibətlərinin çox gözəl olduğunu və bu ilin sonuna qədər ABŞ-Şimali Koreya danışıqlarının üçüncü mərhələsinin keçirilməsinə hazır olduqlarını bəyan edib.
D. Tramp da “Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Şimali Koreya lideri ilə razıdır, şəxsi münasibətləri yüksək səviyyədədir: “Üçüncü sammit faydalı olacaq, çünki biz bir-birimizin mövqeləri tam anlayırıq. Şimali Koreya Kim Çen İnanın rəhbərliyi ilə qeyri-adi inkişaf, iqtisadi nailiyyət və rifah üçün böyük potensiala malikdir. Mən səbirsizliklə gözləyirəm ki, yaxın vaxtlarda Şimali Koreyanın nüvə silahı olmayacaq, sanksiyalar götürüləcək və biz Şimali Koreyanın dünyanın ən uğurlu ölkələrindən biri olduğunu görəcəyik”.
Qeyd edək ki, ABŞ və Koreya liderləri arasında ilk sammit keçən il Sinqapurda, ikinci sammit isə bu il 27-28 fevral tarixlərində Xanoedə keçirilib. Xanoedə keçirilən görüşdən sonra D. Tramp etiraf edib ki, Kim Çen İnlə razılaşma əldə etmək mümkün olmayıb, ancaq danışıqlar davam etdiriləcək. ABŞ prezidenti əsas fikir ayrılığının raket-nüvə proqramının dondurulması qarşılığında sanksiyaların götürülməsi məsələsi ilə bağlı olduğunu açıqlayıb.