Böyük Britaniyanın baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampla “Brexit”in reallaşdırılmasını və iqtisadi məsələləri müzakirə edib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hökumət rəhbərinin mətbuat xidməti tərəfindən iki ölkə liderinin telefon danışığının nəticələri barədə yayılmış açıqlamada deyilir.
“Baş nazir bu gün prezident Trampla danışıb. Onlar qlobal iqtisadi məsələlər və ticarət barədə müzakirələr aparıb. Baş nazir prezidenti “Brexit”in icrası ilə də məlumatlandırıb”, - baş nazirin mətbuat katibi belə deyib.
Öz növbəsində Ağ Evin mətbuat xidməti də Trampın yaxın zamanlarda Consonla görüşə ümid etdiyini bildirib: “Prezident qlobal problemlərin həllində etibarlı tərəfdaş kimi Birləşmiş Krallığa minnətdarlığını çatdırıb və yaxın gələcəkdə baş nazir Consonla görüşü səbirsizliklə gözlədiyini bildirib”, - deyə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur.