ABŞ prezidenti Donald Tramp Venesuela Bolivar Respublikasına qarşı sanksiyaların müddətini uzadıb.
ONA-nın məlumatına görə, bu barədə Ağ evin yaydığı məlumatda bildirilir.
“Venesuelada vəziyyət ABŞ-ın təhlükəsizliyinə və xarici siyasətinə ciddi təhdid olaraq qalmaqdadır. Bu səbəbdən də Venesueladakı situasiya ilə bağlı fövqəladə vəziyyət rejimini uzatmağı vacib hesab edirəm”, - Trampın imzaladığı memorandumda deyilir.
Sənəd 2015-ci ilin martında Obama Administrasiyası tərəfindən Venesuelaya qarşı tətbiq olunmuş sanksiyanın müddətinin uzadılmasını nəzərdə tutur.
Qaydaya görə, ABŞ rəhbəri hər il sanksiya rejiminin uzadılmasına dair sənədi imzalayır.
Qeyd edək ki, Venesuelanın hazırkı prezidenti Nikolas Maduroya qarşı kütləvi aksiyalar bu il yanvarın 21-də - növbəti müddətə prezident seçilməsi münasibətilə andiçmə mərasimindən az sonra başlayıb.
Daha sonra müxalifətin üstünlük təşkil etdiyi parlamentin sədri Xuad Quaido özünü dövlət başçısı elan edib. ABŞ başqa olmaqla bəzi qərb dövlətləri prezident kimi Quaidonu tanıyıb.
Çin, Rusiya və daha bir neçə ölkə isə Quaidonu “ABŞ-ın kuklası” adlandıran Maduronu legitim prezident kimi tanıdığını bəyan edib.