ABŞ Prezidenti Donald Tramp Çinin internet nəhəngi “Tencent” və onun sahibi olduğu “WeChat” sosial şəbəkəsi üzərindəki törəmə şirkətləri ilə sövdələşmələri qadağan edən sərəncam imzalayıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan sənəddə qeyd olunub.
Qadağa sərəncamın yayılmasından 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minəcək.
Amerikalı lider ötən gün, həmçinin “TikTok” tətbiqinin sahibi “ByteDance” və onun törəmə şirkətləri ilə istənilən əməliyyatı qadağan edən sərəncama da imza atıb. Mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bu qadağa da onun dərc edilməsindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir.
“Birləşmiş Ştatlar milli təhlükəsizliyimizi qorumaq üçün “TikTok” sahiblərinə qarşı sərt addımlar atmağa məcburdur”, - deyə Trampın sərəncamında qeyd olunub.