• DÜNYA

    15:02 30 oktyabr 2021

Türk konsulu öldürən ASALA üzvü azadlığa buraxılıb, hazırda Ermənistandadır

Türkiyənin Kaliforniyadakı konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb və Ermənistandadır.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə “Daşnaksütyun” partiyasının mətbuat xidməti məlumat yayıb.

Sasunyanın mesajı partiyanın "Facebook" səhifəsində də paylaşılıb və o, artıq Ermənistana gəldiyini bildirib.

Qeyd edək ki, bir neçə il idi ki ABŞ məhkəməsi terrorçu Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərar verə bilmirdi.

2016-cı ildə onun azad olunması qərarı o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun tərəfindən rədd edilib. Qubernator bu qərarı ABŞ dövlət katibi Reks Tillersonun və baş prokuror Ceff Seşşonun məktubları ilə əsaslanıdırıb.

2019-cu ilin dekabrında Məhbuslara Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Qavin Nyusom bu qərarı rədd edib.

24 fevral 2021-ci ildə Los - Anceles Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Qubernator bildirib ki, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək.

Xatırladaq ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə o, 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verib, lakin bu vəsatətlər rədd edilib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) türk konsulu öldürən ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib.

Türkiyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilib:

"Adı çəkilən terrorçu ilə bağlı qərarı terrora güzəştə gedən böyük səhv kimi qiymətləndirir və bunu pislədiyimizi bir daha vurğulayırıq. Bu cür qərarların terrorla mübarizəyə deyil, siyasi məqsədlər üçün istifadə oluna biləcək faydalı alət kimi təbliğ etməyə çalışan dairələrin gündəminə xidmət edəcəyi aydındır.

Şəhid diplomatımız Kamal Arıkan və erməni terror təşkilatlarının hücumlarında həyatını itirən bütün şəhidlərimizi bir daha hörmət və rəhmətlə yad edirik", - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirlib".

ONA

Teqlər:

SON XƏBƏRLƏR