Türkiyə 2027-ci ilədək altı sualtı qayığı suya buraxmaq niyyətindədir.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı prezident Rəcəb Tayyib Ərdoğan ölkənin şimal-qərbindəki Gölcük hərbi gəmiqayırma zavodunda ilk sualtı qayıq olan “Piri Reis”in suya buraxılması ilə əlaqədar təşkil olunmuş mərasimi zamanı səsləndirib.
“2022-ci ildən etibarən Türkiyə Hərbi Dəniz Qüvvələri hər il bir sualtı qayıqla təmin olunacaq. Ümumilikdə altı sualtı qayıq hazırlanacaq. Bunların sonuncusunun 2027-ci ildən gec olmayaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığına təhvil verilməsi planlaşdırılır”, - Ərdoğan belə deyib.
“Anadolu” agentliyinin yazdığına görə, “Piri Reis” sualtı qayığının çəkisi 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Komanda 40 nəfərdən ibarətdir.
İkinci sualtı qayıq – “Hızır Reis” texniki təchizat mərhələsindədir və 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Hazırda super manevr və uzun müddət su altında qalma qabiliyyəti ilə xarakterizə olunan üçüncü və dördüncü sualtı qayıqların inşası davam edir. Sualtı qayıqlar müasir torpeda sistemləri ilə təchiz olunub, eyni zamanda quruda statik düşmən hədəflərini məhv edə bilir, mina sərhədləri qura və raket zərbələri endirə bilir.