Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncının Suriyada aparılan "Barış bulağı" əməliyyatı ilə əlaqədar səsləndirdiyi açıqlamasını qınayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Akıncının “əgər bu, “Barış bulağı”dırsa, oradan su deyil, qan axır” ifadələrini işlətməsi Ankarada təəssüflə qarşılanıb. Akıncı, həmçinin münaqişənin diplomatik və danışıqlar yolu ilə həllinə çağırıb.
“Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı PKK-ya qarşı ədalətli mübarizəsində Türkiyəni dəstəkləməyən uğursuz bir bəyanat verib. “Barış bulağı” əməliyyatının qanlı PKK terror təşkilatına qarşı aparılmaqla, bölgənin sabitliyi üçün həyata keçirildiyini görməyən Akıncını qınayıram”, - deyə Fuat Oktay “Twitter” səhifəsində yazıb.
O, “Barış bulağı”nı 1974-cü ildə Türkiyə ordusunun “sülhməramlı” adı altında Kiprdə keçirdiyi hərbi əməliyyatı ilə müqayisə edib. “Akıncının fikri bütün Kipr türklərinin fikrini əks etdirmir”, - deyə Oktay əlavə edib.