“Bu gün 350 milyon dollarlıq ixracatla Türkiyə serial-film sektorunda ABŞ-dan sonra ikinci yeri tutur”.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 4-cü Ticarət Müşavirləri Konfransında çıxışı zamanı deyib. O, Türkiyə seriallarının 156 ölkədə 500 milyon tamaşaçı tərəfindən maraqla izləndiyini bildirib.
R.T. Ərdoğan ticarət savaşlarının gündəmi işğal etdiyi bir zamanda bu konfransın əhəmiyyətindən danışaraq xarici investorları Türkiyəyə cəlb etmək üçün terroristlərlə mübarizənin önəmli olduğunu vurğulayıb: “Bu ayın əvvəlindən 160 terroristi zərərsizləşdirdik. Onlar qaçacaq, biz qovacağıq. Dövlət olaraq bunu etməyə məcburuq. Bunlar ortadan qalxdıqdan sonra stimul yaranacaq və sərbəst yatırımlar qoyulacaq”.
Son 17 ildə ticarət sahəsində görülən işlərdən danışan prezident 2023-cü il üçün Türkiyənin ixrac hədəfinin yarım milyard dollar olduğunu əlavə edib.