• DÜNYA

    11:23 15 dekabr 2019

Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurmağa başlayıb

Türkiyə Şimali Kiprdə silahsız və silahlı pilotsuz uçuş aparatları (PUA) üçün hərbi hava bazası qurmağa başlayıb.

ONA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabinetinin qərarından sonra Mersindən mal və materiallar yüklənmiş hərbi gəmilər yola çıxıb.

Hərbi bazanın qurulması üçün Çətinqala hava aerodromu seçilib. 1982-ci ildə Türkiyə qırıcı təyyarələrinin enməsi üçün qurulan Çətinqala aerodromu Şimali Kiprdəki yeganə mülki hava limanı olan Ercan hava limanından 40 km şərqdə yerləşir. Aerodrom 2010-cu ildə kiprli iş adamı Asil Nadirə yük təyyarələrinin enişi üçün 15 illiyinə kirayələnib. Ancaq kirayə müqaviləsində təhlükəsizlik səbəbindən müqavilənin ləğv edilə biləcəyi barədə müddəa yer alıb. Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat quyularının qazılmasını həyata keçirən gəmilərinin mühafizəsini artıq Konya və Muğladan deyil, Şimali Kiprdə yaratdığı hərbi hava bazasından qalxacaq silahsız və silahlı PUA-lar vasitəsi ilə həyata keçirəcək.

Türkiyənin Şimali Kiprdə hərbi hava bazası yaratması Şərqi Aralıq dənizində Yunanıstan, Cənubi Kipr və İsraillə enerji qaynaqları uğrunda mübarizə istiqamətində atdığı strateji həmlə sayılır. Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar bildirib ki, bu addım Türkiyə və Şimali Kiprin Şərqi Aralıq dənizində nəzarətini tam təmin edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR