Rəsmi Ankara və Moskva 36 ədəd “Su-35” qırıcısının təchizatı barədə razılaşmaya baxa bilər.
APA xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, iki dövlət rəsmiləri Türkiyənin gələcəkdə Rusiya təyyarələri üçün bəzi komponentlər istehsal etməyə başlayacağı barədə razılığa gələ bilərlər.
Bu arada, 22 oktyabrda Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqaev “Su-35” və “Su-57” qırıcılarının Türkiyəyə tədarükü ilə bağlı müqavilə danışıqlarının aparılması barədə danışmağın hələ tez olduğunu bildirib. Bununla belə, o, məsləhətləşmələrin davam etdiyini də əlavə edib.
Türkiyənin Rusiyadan qırıcı təyyarələri almaq istəməsinə dair müzakirələr prezident Rəcəb Tayyib Ərdoğanın 27 avqustda Moskvaya səfərindən sonra daha da güclənib. MAKS-2019 aviaşousunda iştirak edən Ərdoğan ABŞ-ın “F-35”-lərinin əvəzinə “Su-35” və “Su-57” almaq ehtimalını istisna etməyib.