Fransa prezidenti Emmanuel Makronun Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakislə birgə keçirdiyi mətbuat konfransında Türkiyəyə qarşı işlətdiyi ifadələr Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən narazılıqla qarşılanıb.
APA-nın yerli bürosunun Türkiyə XİN-in sözcüsü Hami Aksoya istinadla verdiyi xəbərə görə, sözügedən mətbuat konfransında Fransa Prezidentinin Türkiyə əleyhinə ifadələri həqiqəti əks etdirmir.
“Liviya böhranının başladığı 2011-ci ildən bəri bu ölkənin yaşadığı problemlərin əsas səbəbkarı Fransadır. Bu ölkənin Liviyadakı təbii sərvətlərə sahiblənmək üçün Milli Liviya Ordusunun rəhbəri Haftara dəstək verməsi sirr deyil.
Fransanın da aralarında olduğu ölkələrin hərbi dəstəklə Haftarın qanuni Liviya hökumətinə etdiyi hücumlar, Liviyanın ərazi bütövlüyü və hakimiyyəti əleyhinə yönəlmiş ən böyük təhdiddir. Fransa Prezidentinin Suriyanın ərazi bütövlüyünü pozan terrorçularla görüşü də məlumdur. Berlin sammitində siyasi mərhələnin başlanmasını da təmin edən əsas qərar atəşkəsin tezliklə tətbiq olunmasını tələb edir. Fransa Berlin konfransının bu qərarlarının tətbiqinə dəstək vermək istəyirsə, bir an əvvəl Haftara verdiyi dəstəyi dayandırmalıdır.
Fransanın Afrikadakı qaranlıq keçmişi yaxşı bilinən və Əlcəzairdə reallaşdırdığı qırğının ağrıları yaddaşlardan hələ silinməyib. Fransa Türkiyəni günahlandırmaq yerinə, Liviyada sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində bir rol oynasın”, - deyə Türkiyə XİN-in açıqlamasında bildirilib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Berlin konfransında Liviya ilə bağlı əldə olunmuş "öhdəliklərin yerinə yetirilməməsində" günahlandırıb. Makronun sözlərinə görə, "Türkiyə son günlər suriyalı silahlı qruplaşmaları Liviyaya göndərməklə Berlin konfransında xarici müdaxilənin dayandırılmasını nəzərdə tutan öhdəlikləri pozub".