“Hər zaman olduğu kimi qardaş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşümüz oldu, regional məsələlər, xüsusilə də Cənubi Qafqaz mövzusunda fikir mübadiləsi apardıq”
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir deyib ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bir araya gəliblər: “Bu görüşlə bağlı da müzakirələr apardıq”.
M. Çavuşoğlu qeyd edib ki, Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində keçiriləcək növbəti görüşdə Gürcüstanın da iştirakı gözlənilir: “Moskvada görüşümüz oldu, Gürcüstan qatılmadı. Amma növbəti görüş Ankarada keçiriləcək və bu görüşdə Gürcüstanın da iştirak edəcəyini gözləyirik”.