Türkiyənin şimalında, Anadolu avtomobil yolunun Kocaeli hissəsində sərnişin avtobusu qəzaya uğrayıb.
APA “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı avtobus aşıb və nəticədə 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Ankara istiqamətində, Gebze şəhərinin Tembelova bölgəsində Əhməd Ceylanın idarə etdiyi “MAN” markalı sərnişin avtobusu yol kənarındakı beton maneəyə dəyərək aşıb. Bundan sonra hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub.
Axşam saatlarında baş vermiş avtoqəzada sürücünün köməkçisi hadisə yerində dünyasını dəyişib, xəsarət alan 17 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Avtoqəzadan sonra magistral yolun hər iki istiqamətində kilometrlərlə tıxac yaranıb.