Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlərin tətbiqinə dekabrın 11-də başlanılacaq.
APA “NTV” telekanalına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, ilk növbədə tibb işçiləri və 65 yaşdan yuxarı ölkə vətəndaşları peyvənd olunacaqlar. Bu məqsədlə 11 dekabr tarixinədək Çin istehsalı olan peyvəndlərin ilk partiyasının Türkiyəyə gətirilməsi gözlənilir.
F.Qoca deyib ki, daha sonra yaşı 65-dən aşağı olan, ancaq xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdə COVID-19 peyvəndlərinin tətbiq olunmasına başlanılacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabr ayının sonlarında verdiyi açıqlamasında ölkə ərazisində peyvəndlərin pulsuz olacağını demişdi.