• DÜNYA

    11:31 8 may 2019

Türkiyəli ekspertlər İstanbulda seçkilərin nəticələrinin ləğvini dəyərləndirib - SORĞU

“Dünyada bir çox örnəklər var ki, zaman-zaman seçkilərə hiylə qarışıb, xarici müdaxilələr olub, səs oğurlanıb, bilərəkdən və ya bilməyərəkdən yanlışlıqlar edilib. Buna bənzər səbəblər üzündən seçkilərin nəticələri ləğv olunub”.

Bu sözləri ONA-nın Türkiyə bürosuna açıqlamasında İç Anadolu Birliyinin (İÇAN) rəhbəri İsmət Taş İstanbulda keçirilən 31 mart bələdiyyə seçkilərinin nəticələrinin ləğv olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, seçki demokratiyanın vaz keçilməz ünsürüdür: “Trampın son prezident seçkilərində Rusiyanın müdaxiləsinin olması barədə ciddi iddialar irəli sürülmüşdü. Trampın prezidentlik seçimi şübhəli hal almışdı. Bunun örnəklərini artırmaq da olar. İÇAN olaraq İstanbul seçkilərinin nəticələrini hüquqi baxımdan dəyərləndiririk. Ləğv edildi deyə, nə sevinirik, nə də üzülürük. 23 iyun seçkilərinin nəticələrinə də sayğı ilə yanaşacağıq. Vətəndaşlarımızın da YSK-nın qərarlarına sayğı ilə yanaşmasını rica edirəm. Qarşılıqlı münaqişədənsə, qarşılıqlı sayğı ilə yanaşma bizim çıxış yolumuz ola bilər”.

İ.Taş seçkinin nəticələrindən asılı olmayaraq, Türkiyəyə və xalqa uğurlar arzulayıb: “Siyasilər hansı partiya mənsubu olursa-olsun, sevgi dili xaric heç bir dildə danışmamalıdır. İÇAN olaraq həqarət, təhdid, lağlağı, qaba danışanları qınayırıq və ölkəmizi qarşıdırmaq istəyən fürsətçilərə də deyirik ki, bu seçim bizim birliyimizi, bərabərliyimizi, dostluq və qardaşlığımızı, hüquqa olan sayğımızı əsla poza bilməz. Aramıza nifaq sala bilməyəcəksiniz”.

“Anadolu” xəbər agentliyi TRT-nin sabiq əməkdaşı, müstəqil jurnalist Akay Turhan isə ONA-nın Türkiyə bürosuna açıqlamasında YSK-nın qərarının heç bir hüquqi əsası olmadığını, siyasi xarakter daşıdığını bildirib: "Bu qərar seçki qutularındakı yanlışılıqları əsas göstərərək, seçicinin iradəsini yox saymaqdır. Seçki prosesində heç bir qanunsuzluq olmayıb, sadəcə, insan amilidir, yanlışlıq olub və bu, bütün seçim proseslərində bu baş verir. YSK rəhbəri Sadi Güvən təxminən iki il öncə demişdi ki, seçki qutularında olan yanlışlıqlar seçkinin yenilənməsi üçün əsas ola bilməz, çünki buna görə seçki prosesinə nəzarət edənlər günahkardır, seçici yox. Amma eyni durumda qarşısına çıxan ilk etirazda geri addım atdı. Bundan başqa, YSK eyni seçki qutularında yerli bələdiyyə sədrləri və bələdiyyə üzvlərinin nəticələrini ləğv etməyib, sadəcə, böyük şəhər bələdiyyə sədrliyinə seçimləri yeniləyirsə, bu, heç bir qanuna sığmayan absurd bir addımdır. Necə ola bilər ki, bir zərfdə 4 namizədinə səs verən seçici yalnız böyük şəhər bələdiyyə başqanı namizədini yanlış seçə bilir? Bu, heç bir məntiqə sığmır. Nəticədə eyni qurum Maltəpə və Böyükçəkməcədə bələdiyyə sədrliyinin yenilənməsi üçün edilən etirazı rədd edərək, seçim prosesində ədalətin olmadığını bir daha təsdiqləmiş oldu. Türkiyədə bu qərara cəmiyyətdən, qeyri-hökumət təşkilatlarından, bəzi siyasi partiyalardan etirazlar səslənir. Qərarı “hüquq cinayəti” kimi dəyərləndirənlər də var. Qəribəsi budur ki, AKP-nin aşağı dairələrində də bu qənaət yaranıb".

Akay Turhan təkrar seçkiyə - 23 iyuna qədər xüsusən CHP və AKP-nin necə seçki kampaniyası yürüdəcəyinin maraqlı olduğunu qeyd edib: "Öncəliklə CHP-nin seçim kampanyasında "zərərçəkmiş" obrazında seçkini “demokratiya mücadiləsi” anlayışına gətirəcəyi düşüncələri var. Zatən CHP yetkililəri və Kamal Kılıçdaroğlu ilk açıqlamalarında bunun ipuclarını verdi. CHP-nin uğur qazanmaq şansı olduqca yüksəkdir. AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğan isə bu prosesi çözə bilmədi. Amma bu müddətdən çıxarılan nəticələr, əlbəttə ki, var və yeni bir strateji addım qaçılmaz kimi görünür".

Siyasətçi-yazar İsmayıl Təkpınar isə Ali Seçki Qurumunun (YSK) qəbul etdiyi qərarı dəstəklədiyini bildirib: “YSK İstanbulda əsaslı olaraq şübhəli bildiyi seçim sonuclarının ləğv edilməsi haqqında haqlı qərar verdi. Belə olması lazım idi. Millətin səsi millətin namusudur. Namus toxunulmazdır. 31 mart bələdiyyə seçkilərində ümumilikdə 64 min məmur seçki prosesində görəvləndirilmişdi. Onlardan 19 mini seçki məntəqələrinə üzv təyin edilmədən vəzifə daşıyıb və seçkini saxtalaşdırıb. Səs sayımı yenidən sayılıb, hələ tamamlanma olmadan 39 min səs 13 minə endi. Bu necə ola bilər? Bu prosesdə FETÖ barmağının olması şübhələri də var. Oyunlar oynandı, Türkiyəni yenə də sarsıltmaq istədilər, amma yenə də hiylələri baş tutmadı, arzuları gözlərində qaldı”.

İ.Təkpınar qeyd edib ki, YSK bu qərarı verməsəydi, bundan sonra seçkilərin nəticələrinə xalqın inamı qalmazdı: “İnanıram ki, 23 iyunda seçki məntəqələrinə ciddi nəzarət etməklə millət öz namizədini seçəcək”.

“Tüm Anadolu 15 Temmuz” Şəhid və Qazi Ailələri Dərnəyinin rəhbəri Murat Karataş da hesab edir ki, YSK-nın qərarından sonra bütün diqqətlər seçki prosesinə yönəlməlidir: “23 iyundan sonra da 80 milyon ölkə vətəndaşlarının bərabər hərəkət etməsi lazımdır. Çünki hazırda Türkiyə üçün ən önəmli məsələ iqtisadi durumu ilə bağlıdır. Xalq inflyasiya və günü-gündən artan qiymətlər üzündən əzilir. Bu, irəlidə ciddi sosial partlayışlara gətirib çıxara bilər”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR