“Twitter”in yaradıcısı Cek Dorsinin bu sosial şəbəkədəki ilk paylaşımının qiyməti “Valuables” onlayn-hərracda 2,5 milyon dollara qədər artırılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə hərracın saytında bildirilib.
İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin baş direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının təsisçisi Castin San arasında gedir. San keçən həftə paylaşım üçün 2 milyon dollar təklif etmişdi, ancaq hazırda Estavi daha 500 min dollarla ona cavab verib.
Satışın sonunda orijinal tvitin yaradıcısı olan Dorsi ümumi məbləğin 95%-ni, onlayn-hərrac isə 5%-ni alacaq. Təkrar satış olarsa, satıcı 87,5%, tvit yaradıcısı 10%, hərrac evi isə 2,5% qazanacaq. Əməliyyatlar kriptovalyuta vasitəsilə həyata keçirilir.
Dorsi “Twitter”də ilk paylaşımını 21 mart 2006-cı ildə etmişdi. Həmin vaxt o, “Sadəcə, öz “Twitteri”mi qururam” deyə yazmışdı.