Urmiya gölündə suyun həcmi 560 milyon kubmetr artıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Urmiya gölünün yenidən canlandırılması üçün yaradılmış qərargahın Qərbi Azərbaycan əyaləti üzrə ofis rəhbəri Fərhad Sərxoş deyib.
F. Sərxoş bildirib ki, bəndlərdən suyun buraxılması və əyalətdə olan çaylarda sululuq səviyyəsinin artması nəticəsində göldə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 santimetr yüksəlib.
O qeyd edib ki, Urmiya gölünün genişliyi hazırda 2402 kv.km-dir: “Gölün genişliyinin həcmi də ötən illə müqayisədə 286 kv.km artıb”.
Hazırda göldə 2 milyard 250 milyon kubmetr su olduğunu deyən F. Sərxoş qeyd edib ki, ötən il bu rəqəm 1 milyard 690 milyon kubmetr təşkil edirdi. Suyun həcmi 560 milyon kubmetr artıb: “Urmiya gölünə suyun axıdılması üçün icra olunan layihələrin icrasına hələlik başlanmayıb. Gələn il bir neçə layihə icra ediləcək, suyun gölə ötürülməsi ilə Urmiya gölündə canlanma baş verəcək”.
Qeyd edək ki, dünyada ikinci duzlu göl və bir vaxtlar İranın ən böyük göllərindən olan Urmiya gölü hazırda quruma təhlükəsi ilə üz-üzədir. Göldə suyun səviyyəsi 6 metr enib. Bu bölgədə su resurslarının 90 faizinin kənd təsərrüfatı və əkin sahələrinə yönəldilməsi, anomal istilər nəticəsində gölün suyunun buxarlanması və eləcə də gölün ətrafında çoxlu quyular qazaraq yeraltı suların gölə axının qarşısının alınması kimi problemləri Urmiya gölünün qurumasının əsas səbəbləri hesab etmək olar.
Xatırladaq ki, bir neçə ildir, İran hökuməti gölün bərpası üçün xüsusi qərargah yaradıb.
Süleyman Fərzəliyev