Venesuelada elektrik enerjisi böhranı davam edir.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, cümə axşamı Simon Bolivar adını daşıyan ölkənin ən böyük su elektrik stansiyasında baş verən qəza ilə əlaqədar paytaxt Karakas və 25 ştatdan 22-də elektrik təchizatı dayanıb.
Hazırda Karakasın bir sıra rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Ancaq hələ də bir çox böyük şəhərlər elektrik enerjisi ilə təmin edilməyib, mobil əlaqə və internetlə bağlı problemlər var.
Venesuela Milli Elektrik Şirkəti Simon Bolivar Su Elektrik Stansiyasında baş verən qəzanın təxribatın nəticəsi olduğunu bəyan edib. Prezident Nikolas Maduro elektrik böhranında “Amerika imperializmini” günahlandırıb. ABŞ Dövlət Departamenti isə ittihamları qəbul etməyib.