• DÜNYA

    08:49 8 mart 2019

Venesuelada elektrik böhranı qismən aradan qaldırılıb - YENİLƏNİB

Venesuela hökuməti ölkənin şərqində elektrik enerjisi təchizatını bərpa edib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Venesuela prezidenti Nikolas Maduronun mətbuat xidməti məlumat yayıb.

Venesuelada “El-Quri” Su Elektrik Stansiyasında baş verən qəzadan sonra ölkənin 25 ştatından 23-də elektrik enerjisi təchizatı dayanıb.

Venesuela rabitə və informasiya naziri Xorxe Rodriges ölkənin enerji təchizatı sisteminə hücumu qəhrəmancasına dəf etdiklərini bildirib.

Venesuela Milli Elektrik Şirkəti (Corpoelec) ölkənin bütün regionlarına enerji verilişinin bu gün ərzində tam bərpa ediləcəyini açıqlayıb.

***

saat 07.59

Martın 7-də paytaxt Karakas da daxil olmaqla, Venesuelanın 25 ştatından 23-nə elektrik enerjisinin verilməsi mümkün olmayıb.

ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, Karakasda Mayketii Beynəlxalq Aeroportu və metro fəaliyyətini dayandırıb.

Venesuela Milli Elektrik Şirkəti (Corpoelec) elektrik verilişində baş verən problemin səbəbi “El-Quri” Su Elektrik Stansiyasında baş verən təxribatdır. Şirkətin bəyanatında bildirilir ki, “bu, Venesuela dövlətinə qarşı elektrik müharibəsinin bir hissəsidir’.

Venesuela prezidenti Nikolas Maduro da ötən gün ABŞ-ı ölkənin elektrik təchizatında yaranan problemlərə görə ittiham edib. N. Maduro Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Amerika imperializminin başçılığı ilə elan edilən elektrik müharibəsində qalib gələcəklər”.

Venesuela energetika naziri Luis Mot Dominiqes elektrik təchizatında yaranmış problemin 3 saat ərzində aradan qaldırılacağını vəd etsə də, bu, mümkün olmayıb. Karakasın bir neçə rayonunda sakinlər küçələrə çıxaraq hakimiyyətdən elektrik təchizatında yaranmış problemi aradan qaldırmağı tələb ediblər.

Qeyd edək ki, son aylar Venesuelada siyasi böhran kəskinləşib, müxalifətin təşkil etdiyi aksiyalarda polislə toqquşmalar baş verib. Bu il yanvarın 23-də isə parlamentin spikeri Xuan Quaydo özünü prezident elan edib. ABŞ, bir neçə Latın Amerikası ölkəsi və Avropa ölkələrinin əksəriyyəti X. Quadonu prezident kimi tanıdığını açıqlayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR