Türkiyənin milli futbol komandası bu gün Özbəkistanın milli komandası ilə Alanya şəhərində qarşılaşıb. 2020-ci il Avropa oyunlarına hazırlıq matçı 2:0 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da matçı canlı izləyib. Vaxtilə Türkiyənin “Alanyaspor” futbol komandasının oyuncusu olmuş nazir fasilədə həm də keçmiş futbolcu kimi təəsüratlarını bölüşüb. 20 illik fasilədən sonra ilk dəfə Türkiyə ilə Özbəkistan arasında qardaşlıq matçının olduğunu deyən nazir, ədalətli və maraqlı oyun izlədiyini bildirib: “Milli futbol komandamızın məşqçisinin Şenol Günəş olmasının da bizim üçün daha bir üstünlüyü var. Şenol Günəşin heyətinə də inancımız böyükdür. Ayrıca bu matçda Özbəkistanlı seyrçilərin “Türkiyə”, Türkiyəlilərin də “Özbəkistan” deyə qarşılıq verməsi məni duyğulandırdı. Bu da
qardaşlığımızın bir nişanəsidir”.
Nazir 8 iyunda Konyada Türkiyə ilə Fransa milli futbol komandalarının oyununu da proqnozlaşdırıb: “Fransa ilə oyunumuzun ən az heç-heçə bitəcəyini düşünürəm”.
Qeyd edək ki, Türkiyənin A Milli komandası iki gün öncə Antalyada Yunanıstana 2:1 hesabı ilə qalib gəlmişdi. 11 iyunda isə Türkiyə İslandiya ilə qarşılaşacaq.