Yaponiya yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılması sahəsində ABŞ-ın Pekinə tətbiq etdiyi məhdudiyyətlərə qoşulmaq niyyətindədir.
ONA-nın xəbərinə görə, bu barədə bu gün “Kyodo” agentliyi məlumat yayıb.
Sənəddə Pekinin mümkün cavab addımlarından yayınmaq üçün birbaşa Çinin adı çəkilmir. Layihənin yaxın günlərdə təqdim ediləcəyi və yapon şirkətləri ilə məsləhətləşmələrin aparılacağı bildirilib.
Yarımkeçirici və çip istehsalı üçün avadanlıqların Çinə ixracının məhdudlaşdırılmasının yazda qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Vaşinqton 2022-ci ilin oktyabrında Çinin çip istehsalına mane olmaq üçün yarımkeçiricilərin ixracını məhdudlaşdırıb. Lakin ABŞ yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar sahəsində dünyada şirkətləri aparıcı mövqe tutan Yaponiya və Niderlandın Çinə ixracının davam edəcəyi təqdirdə məhdudiyyətlərin effektiv olmayacağından ehtiyat edir. Buna görə də ABŞ Yaponiya və Niderlandın bu ixrac məhdudiyyətlərinə qoşulmasını istəyib.