Yaponiyanın Baş naziri Şinzo Abe rəsmi şəkildə istefasını elan edib.
APA-nın xəbərinə görə, Şinzo Abe bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, xəstəxanada son yoxlamalardan sonra bu barədə qərar verib.
Şinzo Abe deyib ki, xəstəliyi şiddətlənib və müalicəsi davam edir: "Mən öz məsuliyyətimi bilirəm və yeni Baş nazir təsdiqlənənə qədər vəzifəmi icra edəcəyəm".
O, həyata keçirmək istədiyi bir sıra vacib işləri başa çatdıra bilməməsindən dərin təəssüf hissi keçirdiyini söyləyib.
Qeyd edək ki Şinzo Abe 2012-ci ildən Baş nazir postundadır. O, ölkənin ən uzun müddət xidmət edən Baş naziridir.
Ş. Abe kəskin xoralı kolitdən əziyyət çəkir. Bu xəstəlik onda gənc yaşlarında aşkarlanıb. Ş. Abe ilk dəfə 2006-cı ildə 52 yaşında Baş nazir olub, lakin bu xəstəliyə görə bir il sonra postundan gedib.
2012-də yenidən Baş nazir vəzifəsini tutub. Lakin bu dəfə də eyni xəstəlik səbəbindən istefa vermək məcburiyyətində qalıb.