Litvadakı 1991-ci il hadisələrinə görə SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazovu 10 il azadlıqdan məhrum edən Vilnüs Dairə Məhkəməsinin hakimləri barədə Rusiyada cinayət işi açılıb.
ONA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko açıqlama verib.
Onun sözlərinə görə, Vilnüs Dairə Məhkəməsinin hakimləri Aynora Matsyaviçen, Ayva Suvilen, Virginiya Tamoşyunayte və Arturas Şumskasa qarşı Rusiya Cinayət Məcəlləsinin öncədən ədalətsiz qərarın çıxarılması maddəsi ilə cinayət işi qaldırılıb: “SSRİ Silahlı Qüvvələrinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və Sov.İKP üzvlərinin cinayət təqibi beynəlxalq hüquq normalarının və cinayət prosesinin prinsiplərinin pozulması ilə aparılıb. Vilnüs hadisələrində evlərin damlarından dinc əhaliyə atəş açan üçüncü tərəf də olub və bu, hakimlərə bəlli idi”.
Qeyd edək ki, 1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə sovet qoşunları Litvada müstəqillik tələb edən dinc nümayişçilərə qarşı qırğın həyata keçirib. Nəticədə 14 nəfər həlak olub, 600-ə qədər adam isə yaralanıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Dmitri Yazov 1987-ci ildən 1991-dək SSRİ-nin sonuncu müdafiə naziri olub. O, hazırda Rusiyada yaşayır.