Yəməndə Cənubi Keçid Şurasının separatçılarının hərbi bölmələri ölkənin iqtisadi paytaxtı olan Aden şəhərində prezident sarayını ələ keçiriblər.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalına Şuranın rəsmi nümayəndəsi Nizar əl-Haysam bildirib.
Onun sözlərinə görə, separatçılar heç bir müqavimətlə üzləşməyiblər və hazırda sarayın içərisindədirlər. O bildirib ki, cənublular "qanunun aliliyinə qarşı deyil” və bütün siyasi fraksiyalarla dialoqa sadiqdirlər, bircə prezident Abd Rabbo Mansur Hadiyə “mənfi təsir göstərən” “Əl-İslah” partiyasından başqa. Yəmən prezidentinin özü isə hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır.
Yəmən XİN rəhbərinin müavini Məhəmməd əl-Xadrami Adendə baş verən insidenti çevriliş adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Yəmənin müdafiə naziri və baş qərargah rəisi ordunun prezidentin tərəfində olduğunu açıqlamışdı.