Martin Viskarranın parlament tərəfindən vəzifəsindən kənarlaşdırıldıqdan sonra dövlət başçısı olaraq and içən Peru Prezidenti Manuel Merino bazar günü istefa verdiyini bildirib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Merino prezident vəzifəsini bir həftədən az müddətə icra edib.
Milli televiziyada xalqa müraciət edən siyasətçi istefa verməsini ölkədə qarşıdurmanın yaranmaması ilə əlaqələndirərək bütün Peru sakinlərini barışığa və birliyə çağırıb.
Qeyd edək ki, Martin Viskarranın impiçmentinə qarşı çıxan minlərlə ölkə vətəndaşının şənbə günü keçirdikləri etiraz aksiyaları zamanı iki perulu ölüb.
Manuel Merino vəziyyətlə bağlı istefa vermək istəyən 13 nazirin ərizəsini qəbul etməkdən imtina edib. Bildirib ki, nazirlər hazırkı anın qeyri-müəyyənliyi aradan qaldırılana qədər vəzifələrində qalacaqlar.
Xatırladaq ki, parlament keçmiş prezident Viskarranı ona qarşı irəli sürülən korrupsiya iddialarına görə vəzifəsindən kənarlaşdırılıb. Həmin gündən etibarən - çərşənbə axşamı ölkəyə rəhbərlik Konqresin sədri Merinoya keçmişdi.