Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos Diamesis Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
APA “Anadolu”ya istinadən xəbər verir ki, nazirlikdə yunanıstanlı səfirə Türkiyənin ərazi sularının pozulmasına və jurnalistlərin saxlanılmasına son qoyulması ilə bağlı rəsmi Ankaranın tələbi barədə məlumat verilib.
“Anadolu” agentliyinin məlumatına görə, çərşənbə günü Türkiyə Sahil Mühafizəsinin gəmiləri Yunanıstan hərbi gəmisini ərazi sularından qovub. Hadisə səhər saatlarında Egey dənizindəki Bodrum turizm bölgəsinin sahilində baş verib. Türk gəmisi yunan gəmisinə minimal məsafəyə qədər yaxınlaşıb və onu Türkiyə sularını tərk etməyə məcbur edib.