Yunanıstanın “Blue Bird Aviation” aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsi Moldova ərazisində uçuşlara icazəsinin olmamasına baxmayaraq "zarafat xətrinə" Kişinyov beynəlxalq hava limanında eniş edib.
ONA “Ukrinform”a istinadən xəbər verir ki, dərhal sonra Mülki Aviasiya Agentliyinin əməkdaşları təyyarəni yoxlayıb və bu haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb.
Yoxlanış zamanı məlum olub ki, heyət üzvlərinin Moldovanın hava məkanına daxil olma icazəsi və digər müvafiq sənədləri yoxdur. Daha əvvəl Mülki Aviasiya Agentliyinin mətbuat katibi İrina Bodolika heyət üzvlərinin Buxarestdən Kişinyova "zarafat xətrinə" uçduğunu açıqlayıb.
Hazırda təyyarə Kişinyov beynəlxalq hava limanındadır və hadisənin detalları müəyyənləşənə kimi xüsusi dayanacaqda saxlanılacaq.
Təyyarədə yalnız heyət üzvləri – 3 kişi və bir qadın olub.