Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Səməd Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Pənahov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səməd Pənahov tanışları Elman, İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə mərhum Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi Röyalın İlqara borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub. İlqar Röyaldan pulunu tələb edib və ala bilməyəndə dostlarını da çağıraraq Röyalla görüşə gedib. Məlum olub ki, İlqar Abdullayev Röyala 40 manata elektroşok satıb. Röyal 25 manatını ödəyib və qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən tərəflər arasında söz-söhbət yaranıb. Məlumata görə, tərəflər arasında əlbəyaxa dava olan zaman Səməd Röyalı yerə yıxıb. Bu zaman Röyalın başı asfalta çırpılıb və o, ağır xəsarət alıb. Bir neçə saat sonra isə dünyasını dəyişib.