• HADİSƏ

    10:56 10 aprel 2019

Abşeronda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib

Abşeron rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 6-da Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində naməlum avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyada, 1987-ci il təvəllüdlü Faiq Həsənovu vuraraq hadisə yerindən qaçmış, F.Həsənov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Aparılmış istintaqla hadisənin Müşfiq Həsənov tərəfindən “Hyundai Elantra” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aprelin 9-da M.Həsənova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR