• HADİSƏ

    16:45 8 aprel 2019

Adam öldürməyə cəhddə təqsirləndirilən elmi işçiyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə və quldurluqda təqsirləndirilən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Rüstəmbəyov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini B.Rüstəmbəyov tanışı Çingiz Qacarın paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib. Bu məqsədlə o, özü ilə gətirdiyi çəkiclə Ç.Qacar və evdə xadimə işləyən Mətanət Hüseynovanın baş nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb. İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, B.Rüstəmbəyov daha əvvəl AMEA Fizika İnstitutunda elmi işçi, zərərçəkmiş Ç.Qacar isə rəhbər vəzifədə çalışıb.

Teqlər:

SON XƏBƏRLƏR