• HADİSƏ

    12:06 28 oktyabr 2021

Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeleti tapılıb - VİDEO

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

APA TV-nin əməkdaşları bu barədə xəbər alan kimi hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını eksqumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

O da məlum olub ki, skeletlər qolları məftillə bağlanmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ağdam şəhəri və 7 km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR