Beyləqanda istehlak üçün yararsız 120 kq ət məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ONA-ya verilən məlumata görə, AQTA və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında aprelin 11-i gecə saat 2 radələrində vətəndaşa məxsus "Jiquli" markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman baqaj hissəsində Rüstəmov Şamilə məxsus təxmini çəkisi 120 kq olan iribuynuzlu heyvan cəsədi aşkar edilib.
Aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən laborator analiz üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.