Astarada qadının evindən külli miqdarda narkotik vasitə və uyuşdurucu həblər aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, fevralın 23-də Astara rayonunun Züngüləş kəndi ərazisində dövlət sərhədini qanunsuz keçmiş İran vətəndaşı T.Əbduləli Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Dövlət Sərhəd Xidməti və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırmalara əsasən onun özü ilə gətirdiyi narkotik vasitəni kənd ərazisində naməlum şəxslərə verməsi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əbduləlidən narkotik vasitəni almaqda şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər oğurluq və qəsdən adam öldürməyə görə məhkum olunmuş V.Hacıyeva və Astara şəhər sakini A.Məmmədov saxlanılıb.
Davam etdirilən tədbirlərlə V.Hacıyevanın yaşadığı evdən 8 ədəd plastik bankaya qablaşdırılmış, çəkisi 2 kiloqram 550 qram heroin, 540 qram marixuana, 64 ədəd “Trorikamid mydrax” göz damcısı, 300 qram metamfetamin və 1000 ədəd “Pregabalin” həbləri aşkar edilərək götürülüb.