"Avropa" hotelində qətl törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
ONA-nın xəbərinə görə, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə iyunun 12-də baxılacaq.
Qeyd edək ki, 2015-ci ilin aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən S.Quliyev və onun dostu M.Səfərov tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.